Maddi problem yaşayan ailələr üçün məktəb çantaları və məktəb ləvazimatları kimi mövsümi xərclər çətinlik yarada bilər. Bəzi ailələr o qədər maddi sıxıntı yaşayır ki, hətta qələm və dəftər kimi vəsaitləri belə almağa gücü çatmır. Onlar olmadıqda isə, ev tapşırığı yerinə yetirilməmiş qalır.
Tədqiqatlar göstərir ki, uşaqların özlərinə məxsus məktəb ləvazimatları olduqda sinifdəki davranış və qiymətləri daha da yaxşılaşır, özgüvən artır, uşaqlar məktəbə və öyrənməyə daha meyilli olurlar. Azerbaijan Fish Farm şirkətinin dəstəyi ilə Neftçala kəndlərində yaşayan aztəminatlı ailələrin 30 övladına yaşlarına uyğun ləvazimatlar ilə dolu məktəb çantaları hədiyyə etdik. Çantaları əldə edən uşaqların xoşbəxtliyini görmək bizi də çox məmnun etdi.
Məktəbə qayıdış kampaniyası başqalarını da ilhamlandırdı və beləliklə bu kampaniyaya 43 nəfər qoşularaq birlikdə Neftçalanın Yenikənd, Xolqaraqaşlı, Xolqarabucaqlı, Xoltezekend və Mursegulu kəndlərində yaşayan uşaqlar üçün dərs ləvazimatları ianə etdilər.
Təşəbbüsümüzə qatılan, uşaqlara təbəssüm bəxş edən hər kəsə minnətdarıq. Ümid edirik ki, çantanı alan hər bir uşaq gözəl təhsil alacaq, Azərbaycanın savadlı və sosial məsuliyyətli vətəndaşı olacaq.
